Xalq artisti Kamil Cəlilov vəfat etdi

Azərbaycanın Xalq artisti, qoboy ifaçısı, bəstəkar Kamil Cəlilov vəfat edib. Miraj.az xəbər verir ki, Xalq artisti ötən gün 84 yaşında dünyasını dəyişib.

Kamil Cəlil oğlu Cəlilov 1938-ci il yanvarın 29-da Bakının Buzovna kəndində anadan olub. Orta təhsilini Bakıdakı 176 nömrəli tam orta məktəbdə alıb. O, 1955-ci ildə Bakı şəhər 1 saylı musiqi məktəbində dərs alıb, istedad və bacarığı müəllimlərinin diqqətini cəlb edib. Kamil musiqi məktəbinə oxuyana qədər qoboy haqqında heç bir təsəvvürə malik deyildi. Təsadüfən eşitdiyi bu musiqi alətinin səsi onu cazibəsinə salıb, məhz bu musiqi alətinin ifaçısı olmaq qərarına gəlib. Onun bu alətə olan bağlılığı atasının qəzəbinə səbəb olub və o, oğlunun qoboy sinfində təhsil almasına iradını bildirib. Amma o, atasının təkidinə baxmayaraq, sevdiyi alətdən ayrılmayıb.

O, bilik və bacarığı ilə beş il nəzərdə tutulmuş proqramı iki ilə mənimsəyib. 14 yaşında ikən musiqi məktəbini bitirib. Sonra Asəf Zeynallı adına Musiqi Məktəbinə, Fuad Sadıqbəyovun sinfinə daxil olub və 1959-cu ildə orada təhsilini başa vurub. İmtahanda Azərbaycan və Qərb bəstəkarlarının bir neçə əsərlərini çalaraq konservatoriyaya daxil olub. İmtahan verərkən konservatoriyanın rektoru Cövdət Hacıyev Kamil Cəlilovun ifasına qulaq asandan sonra ona rusca “У него природный звук” (Onda təbiət səsi‎) söyləyib.

Əhsən Dadaşovun rəhbərlik etdiyi ansamblda əvvəlcə qoşanağaraçı, sonra qarmonçu olub. Ona dərs deyən, ifa tərzinə, duyumuna bələd olan müəllimlərinin təkidi ilə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Cəlilov 1965-ci ildən ixtisaslı qoboy ifaçısı kimi sənətə vəsiqə alıb.

1965-ci ildə Nazim Rzayevin rəhbərlik etdiyi indiki Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə solist təyin olunub. Həmin illərdə Cəlilov həm də Azərbaycan Televiziya və Radiosunun simfonik orkestrində solist olaraq çalışıb.

Bu orkestrdə bir müddət çalışdıqdan sonra Gülarə Əliyeva onu yenicə təşkil etdiyi “Dan ulduzu” instrumental ansamblına dəvət edib. Cəlilov hər iki yaradıcı kollektivlə birgə çalışaraq, sənət yolunun ilk uğurlu illərini yaşayıb.

Yaradıcılığı

Onun qoboy ifaçılığı sənətində yeniliyi ilk dəfə muğamları bu alətdə tətbiq etməsidir. “Bayatı Kürd”, “Segah”, “Zəminxara”, “Bayatı-Şiraz”, “Rahab”, “Zabul”, “Hümayun”, “Qarabağ şikəstəsi”, “Kəsməşikəstə” muğamları Kamil Cəlilovun ifaçılıq sənətinə bəxş etdiyi dəyərli incilərdir. “Rahab”, “Yanıq Kərəmi”, “Kəsməşikəstə”, “Səmayi-şəms”, “Baş sarıtel”, “Cəlili” və bu kimi musiqi nümunələrini özünün tərzində ifa edərək qoboy alətini yenidən şərqləşdinnəyə nail olub.

Onun ifasında “Apardı sellər Saranı”, “Sarı bülbül” və bir sıra digər xalq mahnıları çox yanıqlı və kövrək səslənir. Kamil Cəlilovun ifasında Nikolay Rimski-Korsakovun “Çar Soltan haqqında nağıl” operasından “Arının uçuşu”, Üzeyir Hacıbəyovun “Firuzə” operasından “Firuzənin ariyası”, Fikrət Əmirovun “Mən səni araram”, “Göygöl” mahnıları, Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən bir sıra fraqmentlər səslənərək, dinləyicilərin yaddaşına əbədi həkk olunub. Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısı da Kamil Cəlilovdur.

1977-ci ildə onun balaban (bəzən qaboy kimi qeyd olunub) ilə çaldığı “Muğam” (bəzən “Çahargah ahəngi” adlanır) adlanan kompozisiyası Voyacer qızıl plastinkasına daxil olub.

O, qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün “Altı pyes”inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi “Zəminxarə” muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir.

Kamil Cəlilov Sənubər Cəlilova ilə ailə həyatı qurub. Həyat yoldaşı Sənubər Cəlilova 17 sentyabr 2012-ci ildə 65 yaşında vəfat edib. Üç qızı var. 2003-cü ildə Həcc ziyarətində olub, daim namaz qılırdı.