Xalq artisti Əlibaba Məmmədov vəfat etdi

Xalq artisti Əlibaba Məmmədov vəfat edib. Miraj.az xəbər verir ki, bu barədə onun sənət yoldaşları məlumat yayıb.

Əlibaba Məmmədov 5 fevral 1930-cu ildə Bakının Maştağa kəndində anadan olub. Onun xanəndə kimi yetişməsində Bakının və Abşeron kəndlərinin özünəməxsus muğam mühiti böyük rol oynayıb.

Ə.Məmmədov musiqi təhsilini 1953-1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının solisti, 1978-1988-ci illərdə “Azkonsert birliyi”nin solisti olub. 1968-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının nəzdində maestro Niyazinin təşəbbüsü ilə “Hümayun” xalq çalğı ansamblını yaradıb və ömrünün sonuna kimi həmin ansambla rəhbrlik edib. Ə.Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnib. O, muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınmışdır.

Xalq artisti 100-dən artıq mahnı və təsniflər yaradıb ki, onlar xanəndələrin repertuarlarına daxil edilib. “Yaşa məhəbbətim, yaşa ürəyim”, “Gəl bizə, yar”, “Bir dənəsən” kimi məşhur mahnılar AzTV-nin “Qızıl fondu”nda qorunub saxlanılır. Xanəndənin böyük məharətlə ifa etdiyi “Rast”, “Bayatı Şiraz”, “Rahab”, “Dəşti” və başqa muğam-dəsgahlarının da səsyazıları “Qızıl fond”da saxlanılır.

Ə.Məmmədov 1963-cü ildən Bakı Musiqi Kollecində muğamdan dərs deyib, gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf edib. Görkəmli sənəktar həm də dəfələrlə muğam müsabiqələrində münsiflər heyətinin üzvü olub.

Xanəndənin xidməti dövlətimiz tərəfindən yüksək dəyərləndirilib. O, Azərbaycan SSR Əməkdar artisti (18 may 1963), Azərbaycan SSR Xalq artisti (17 may 1989) fəxri adları, “Şöhrət” ordeni (4 fevral 2000), “Qızıl çinar” beynəlxalq mükafatı (10 may 2009″), “İstiqlal” ordeni (3 fevral 2010), “Şərəf” ordeni (4 fevral 2020) mükafatlarına layiq görülüb.

Allah rəhmət eləsin!