Nazpəri Dostəliyeva: “Allahdan yalnız səbr diləyirəm”

Xalq artisti Nazpəri Dostəliyeva növbəti dəfə efirdə oğlu Əlinin ölümü barədə danışıb. Miraj.az xəbər verir ki, müğənni bu dəfə “Elgizlə izlə” proqramında qonaq olub.

Müğənni səhnəyə qayıtmasından da danışıb: “1 il 2 aydır nə qapı bağlandı, nə telefonum susdu. Məni qoymadılar darıxım. Bu boyda sevgiyə haqsızlıq edə bilmərəm. Mən buna öz sevgimi, musiqimi verə bilərəm. Yavaş-yavaş çıxacam. Televiziyaya qorxa-qorxa addım atıram.

Söz vermişəm ki, daha ağlamayacağam, möhkəm olacağam. Düzdür, bunu hər ana bacarmaz, qeyri-mümkündür. Bu qədər sevgi qarşısında ağlasam, zəif olsam, haqsızlıq olar. Allahdan səbr diləyib, bacardığım qədər güclü olmağa çalışacağam. Xalqla dərdimi yox, xoşbəxtliyi paylaşacağam. Qadın nə vaxt güclü olur? Həyatında çilələr çox olduqca. Qadın acı çəkdikcə daha da güclənir. Söz vermişəm, Allahdan bir şey istəyirəm: mənə səbr versin. Bilmirəm əvəlki kimi ola bilərəm, ya yox. Özümə söz vermişəm möhkəm olmağa. Mahnılarla tamaşaçını sevindirməyə söz vermişəm, kədərləndirməyə yox. Bütün kanallar dayanmadan dəvət edir, amma sosial verilişləri seçdim.

Bütün Azərbaycan dərdimi paylaşdı, xoşbəxtlikdir. Bir tərəfdən Allah alır, bir tərəfdən verir. Buna alır demirəm, imtahandır. Allah birinə sevgi verirsə, itirməyi də bacarmalıdır. Allahdan yalvarıb bir şey istəyirəm: səbr. Dözüm, gözəl musiqilər təqdim edim”.

Xatırladaq ki, Nazpəri Dostəliyeva ilk dəfə “Bizimləsən” proqramında qonaq olarkən oğlunun ölümündən bəhs etmişdi. Xalq artistinin böyük oğlu Əli Quliyev ötən il 41 yaşında vəfat etmişdi. Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.