Xalq artisti Flora Kərimova “İctimai” TV-nin efirində yayımlanan “3D” prqramının qonağı olub. Miraj.az xəbər verir ki, sənətçi verilişin aparıcısı Dadaş Dadaşlinskinin sənətin müğənnilər tərəfindən toya qurban verilib-verilməsi ilə bağlı sualını isə belə cavablayıb:
“Yox. Bəs müğənnilər necə dolansınlar? Bir balaca ölkəmiz var. Konsertlə mümkün deyil. Millət konsert hayında deyil. Müğənni haradan pul qazanmalıdır? Toya getməlidir. Hansı konsert? Elə pul aparır ki, adamın uşağı çörəksiz qalır. Zala ver, onları da qınamıram, yazılıb, heç kim heç kimə zalı bağışlamayacaq. Əgər xaricdəki kimi müğənnilərimiz yaşamaq istəyirlərsə, onda durumları müqayisə etsinlər. Axı bunlar müqayisəyə gələn hal deyil”.
Flora Kərimova illər əvvəl deputatlığa namizədliyini verməsi haqqında isə bu sözləri deyib:
“Əlimdən aldılar, Avropa məhkəməsinə verdim, beş il deputat maaşı aldım. Vay olacaqdı o parlementin hallına ki, bu zəhər dilimlə, heç nəyi udmaq həvəsim olmayan halda Flora xanım orada danışacaqdı. Hazırda parlamentin fəaliyyətini izləmirəm. Mənə nəticəsi maraqlıdır. Ürəyimcə çıxış edən millət vəkili var. Olmasa, bədbəxt millət olardıq. Vuruşan, savaşan, sözünü sonadək deyən, axıra qədər gedən. Onların sözü axır-əvvəl yerini tutur.
Yaşadığım ərazinin millət vəkilinin kim olduğunu bilmirəm, işim düşməyib. Ümumiyyətlə heç vaxt heç kimə xahişlə getməmişəm. 81 yaşımda bir qapını xahişlə döyməmişəm. Kimsəyə “mənim arxamda durun”, “məndən danışın” deməmişəm. Yadımdadır, uzun müddət mənə ad verilməsi haqqında deyilirdi, hətta bunu Milli məclisdə sələndirdilər. Ömrümdə gözləməmişəm, zəng etməmişəm. Otursun televiziya qarşısında desin ki, “dünən gəlmişdi, mənə xahiş edir, yalvarırdı”. Bunu özümə haram bilərəm. Həm də əldə etdiyim uğurdan ləzzət ala bilmərəm. Onun nəticəsini sevinərək yaşaya bilmərəm. Həyata baxışım ayrı cürdür”.
Kərimova həmkarlarınızı tənqid etməyi də unutmayıb. O, bunları dilə gətirib:
“İstəyirəm musiqimi, klassiklərimizi qoruyum. Bu tariximizdir. Tələb etdim ki, “ts”, “ç” deməyin. Bu tələb də yox xahiş idi ki, müğənnilər, oxuyanda gözünüzü yummayın. Onlar hissiyyatınızın ifadəsini verir. “Ey vətən” oxuyur, göz yumulur, o məhəbbəti görə bilmirəm”.