Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə konsert keçirildi

Görkəmli bəstəkar, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) 100 illik yubileyi münasibətilə konsert və musiqi albomunun təqdimatı keçirilib.

Miraj.az xəbər verir ki, mərasim ötən gecə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında baş tutub.

Mərasimdə Prezident Administrasiyası Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, tanınmış mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.

Sevda Məmmədəliyeva çıxışında qeyd edib ki, bu ilin noyabrında Fikrət Əmirovun anadan olmasının 100 ili tamam olur. Prezident İlham Əliyev dahi bəstəkarın yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası ilə əlaqədar hazırlanmış illik plana əsasən, bəstəkarın yubileyinə həsr olunmuş ilk geniş tədbir keçirilir:

“Azərbaycan bəstəkarlıq məktəbinin böyük nümayəndəsi, simfonik muğam janrının banisi Fikrət Əmirovun yaradıcılığından saatlarla danışmaq olar. Qüdrətli sənətkar mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş edib. Onun əsərləri dünyanın bir çox ölkələrinin konsert salonlarında səslənib, teatr səhnələrində tamaşaya qoyulub”.

Nazir müavini bildirib ki, bəstəkarın 100 illiyinin UNESCO-nun yubiley proqramına daxil edilməsi Azərbaycan musiqisinə, bəstəkarlıq məktəbinə, Fikrət Əmirov sənətinə beynəlxalq miqyasda verilən yüksək qiymətin təzahürüdür: “Fikrət Əmirov musiqisi dərin köklərə, milli zəminə bağlıdır. O, şuşalı məşhur muğam bilicisi, görkəmli tarzən Məşədi Cəmil Əmirovun ailəsində, zəngin musiqi, sənət mühitində böyüyüb. Xalq musiqisi uşaqlıqdan onun qanına, canına hopub. Buna görə də onun yaradıcılığı Qarabağın qədim və zəngin musiqi mədəniyyətinə qaynaqlanır”.

Daha sonra söz musiqiyə verilib. Konsertdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor, Əməkdar artist Fuad İbrahimov) Fikrət Əmirovun əsərlərini ifa edib. Öncə bəstəkarın “Min bir gecə baletindən” fraqment səsləndirilib.

Səhnəyə dəvət alan Xalq artisti Yeganə Axundova Fikrət Əmirovun (Elmira Nəzirova ilə birgə) “Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert” əsərini böyük məharətlə ifa edib. “Kürd ovşarı” simfonik muğamının ifası musiqi axşamının ən çox bəyənilən çıxışlarından olub.

Konsertə Fikrət Əmirovun “Azərbaycan kapriççiosu” əsəri ilə yekun vurulub. Bütün ifalar alqışlarla qarşılanıb.