Eldar Bəhram oğlu Mansurov “Şöhrət” ordeni ilə təltif edilib. Miraj.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
O, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif olunub.
Eldar Mansurov 1952-ci il fevralın 28-də Bakıda, İçərişəhərdə musiqiçi ailəsində anadan olub. Bu gün onun 70 yaşı tamam olur.
O, 1968–1972-ci illərdə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin (indiki Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci) fortepiano sinfində təhsil alıb. Mansurov 1974–1979-cu illərdə də Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsində professor Cövdət Hacıyevin sinfində təhsil alıb.
“Yeddi gözəl” rok-operası, “Kleopatra” və “Olimp” rok-baletləri, 5 simfoniya, “Mahur-hindi” simfonik muğamı, skripka və simfonik orkestr üçün konsert, bir çox simfonik, kamera və xor əsərlərinin müəllifidir. Bir sıra filmlərə və tamaşalara musiqilər bəstələyib, 3000-dən artıq mahnı və instrumental musiqinin müəllifidir. 1983 və 1987-ci illərdə Səmərqənd şəhərində keçirilən Beynəlxalq simpoziumda muğamların tarixi üzrə məruzələrlə çıxış edib.
1981-ci ildən SSRİ, sonralar isə Azərbaycan Bəstəkarlar İttifaqının, 1999-cu ildən Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.
Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2005-ci ildə “Əməkdar incəsənət xadimi”, 2012-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb.
2012-ci il fevral ayının 21-dən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüdür. 2007-2012-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində işləyib. Ailəlidir, 2 oğlu var.