Əməkdar artist Babək Niftəliyev ailəsini gündəmə gətirən sənət adamlarını tənqid edib. Miraj.az xəbər verir ki, muğam ifaçısı “Üzə-düz” proqramında bildirib ki, özü heç vaxt belə addım atamaz:
“Şəxsi həyat barədə danışmağı sevmirəm. Sənətçi şəxsi həyatını heç vaxt efirə danışmamalıdır. O özəlim olaraq evdə qalmalıdır. İnsan öz həyat yoldaşını efirdə göstərməz. Onlara çox pis baxıram, olmaz.
Bəzən sənətlə şəxsiyyət amili üst-üstə düşmür. Dostlarımızın içində də elə sənət yoldaşlarımız var ki, yaxşı sənəti olmasa da, yaxşı oğlanlığı var. Biri pisləyəndə deyirsən ki, yox, “yaxşı oğlandır”. İfası olmasa da… Yaxşı musiqiçi olmasa da, yoldaşlığı var. Elə sənətkar da var ki, yaxşı sənətkardır, amma çox pis insandır. Elə deyirsən bu insana kənardan qulaq asasan, içəri daxil olmayasan. Həmin sənətkarla oturub söhbət etməyəsən”.
Babək Niftəliyev bir çox məclisə qonorarsız getməsindən də bəhs edib:
“Kasıblar üçün pulsuz oxumuşam, çünki özüm bu yerə kasıblıqla gəlmişəm. Çalışıb xalqımızı da nəzərə almalıyıq. Başıma illər əvvəl bir hadisə gəlmişdi. Gecə yarısı gördüm kimsə mənə ancaq “vızov” verir, zəng də etmir. Özüm zəng etdim. Danışan ağsaqqal kişi idi, dedi səni oğlumun toyuna çağırmaq istəyirəm, amma sənə verməyə pulum yoxdur. Arzumdur, o istəyi gözümdə qoyma. Dedim, əmi, toy nə vaxtdır? Dedi, 3 ay var, Masallıda olacaq. Kəndin adını yazdım.
Həmin vaxt gəlib çatdı. O kişi daha mənə zəng etmədi. Toy zamanı gəldim məclisə çatdım. Gəldim gördüm ki, 30-40 nəfərlik yığıncaq keçirilir. İçəri girəndə sizi inandırım ki, o kişi nə hala düşdü. Əsdi, kövrəldi, gözləri doldu… Camaat mənə baxdı ki, mən hara, bu kişi hara? Çox ağladı, məni qucaqladı, ağ, nurani kişi idi. Dedi, oğlum, sənə zəng edən mən idim. Sağ ol ki, gəlmisən. O xalqın oradakı alqışı mənim üçün milyona bərabər idi. Elə bildim ki, ömrümün üstünə bir ömür gəldi, hansısa zirvəni fəth etmişəm. Əziz sənət dostlarım, xalqımızı nəzərə almaq lazımdır. Onun kasıbı da, varlısı da var. Bəzi hallarda o təbəqələri qarışdırmayaq”.