Zaur Kamal onu tənqid edənlərə belə cavab verdi – VİDEO

Aparıcı Zaur Kamal cənubi azərbaycanlı müğənni Afşin Azərini efirdən qovmasına görə bir neçə gündür tənqid olunur. Miraj.az xəbər verir ki, sosial şəbəkədə hər kəsin onu tənqid etməsinə aparıcı da münasibət bildirib.

O, ötən gün “Həmin Zaur” proqramı başlayanda onu tənqid edənlərə cavab verib. Verilişdə əvvəlcə “Dillərə düşmüşəm xəbərin varmı” mahnısı səsləndirilib. Zaur Kamal musiqidən sonra proqrama bu sözlərlə başlayıb:

“Uzaqdan qüsursuz, yaxından lazımsız o qədər insan gördüm bu həyatda. Amma lazımsızları uzaq etdim, lazımlılar qaldı yanımda. Dillərə düşdü xəbərin varmı? 25 ildir radio-televiziya təcrübəm var. Hər zaman tamaşaçı qarşısına alnıaçıq çıxdım. Hər zaman tamaşaçı sevgisi hiss etdim. Damla-damla yığdığım bu sevgini Allah bizdən uzaq etməsin. Efirə həmişə sevincli hisslərlə çıxırıq. Bu gün də sevinclə, o ab-hava ilə gecəni açıq elan edirəm. Həmişə çalışdığım radio, televiziyada müğənnilərin 80 faizinə köməklik etdim. Kim yazdısa, gənc ifaçı oldu canla, başla dedim ki, dəvət edək”.

Xatırladaq ki, Zaur Kamalın sözügedən addımı ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Aparıcının bu hərəkətinə görə efirdən uzaqlaşdırılması və üzr istəməsi tələb edilir. Baş verənlərlə bağlı Audiovizual Şuranın və ARB televiziyasının rəsmi açıqlama yayacağı gözlənilir.