Aktrisa Xuraman Əlizadə “Onun sirri” proqramının qonağı olub. Miraj.az xəbər verir ki, o, həyat yoldaşı Muradla olan münasibətlərindən danışıb:
“Əslində həyat yoldaşım məni “Toy” filmindən görüb bəyənib. Düzdür, yaşca məndən balacadır. 6 yaş fərqimiz var. Olsun da, nənəm də babamdan böyük olub. Amma özü polis işləyib. Sonra alınmayıb, işdən uzaqlaşıb. Özünün də canında aktyorluq var. Desəm ki, get çəkil, çəkilər. Xoşlayır, deyir gəl, videolar çəkək. Bilirsiniz niyə? O qədər deyib-gülən insandır. İstəmir ki, kimsə evdə mısmırığını sallasın. Deyir ki, mən evə girdim, istəyir əlidolu, istəyir əliboş gəl, qapıda məni qarşıla. Qapıda qarşıladın, çörəyimi qoydun qabağıma, görürsən necə yaxşıdır.
Davalarımız, söz-söhbətimiz olur. O, əkizlər bürcüdür. Mənə əl qaldırmayıb, qətiyyən. Bir dəfə nəsə böyük davamız oldu, illər öncə. Əlini belə qaldırdı, gözləmirəm axı məni vura bilər. İndi kişi xeylağıdır, hirsini hara boşaltsın. Biz qadınlar qışqırırıq. Mənim qısqanclığıma görə oldu. İndi isə dünya aləm vecimə deyil. Yumruğunu vurdu divara. İndiyə qədər əli nəsə şiş kimi qalıb. Hər dəfə görtərir ki, “Görürsən? Səni tapandan mənim başım ağardı”. Vurmaq əsla, ümumiyyətlə o, elə bir insan deyil. Onu çox istəyirəm, sevmək, yox, istəmək. Artıq sevmək yoxdur. Onu çox istəyirəm. O, mənim doğmam, əzizimdir.
Əslində həmişə deyir, hər şeyi edən sənsən. Amma haradasa olanda badəni qaldırırlar dost məclisində: “Yeganə xanım bilirəm ki, sənsən mənim xasiyyətimə dözən”. Əkizlər bürcüdür, çətindir. Əslində bürclərə inanan biri deyiləm. İndi evə gedəcəyəm, deyib ki, gəl bir video çəkək. Dedim, hə baş üstə, burada nə var ki? Nəsə pis bir şey etmirik ki? Pis vərdiş təbliğ etmirik ki? Kimsə yazsın ki, bax, ər-arvaddırlar, vay-vay, ayıb olsun, yekə adamsınız. Niyə? Biz də belə xoşbəxtik.
3 aydır “TikTok” açmışam. Bu müddətdə özümə ən bahalı telefonu aldım. Maşına əşyalar aldım, düzəltdim. Üç aya hardasa 5500-6000 qazandım”.
“Həkimlər mənə “övladın olmayacaq” demişdi”
Xuraman Əlizadə bildirib ki, o, hamilə olduğunu öd kisəsi əməliyyatı keçirdiyi ərəfədə öyrənib:
“O sürprizi hər kəsə arzulayıram. Təsəvvür edin, ödümdən əməliyyat olundum. Heç vaxt ödümdə problem olmayıb. Oturmuşam evdə birdən ağrı tutur, boğuluram, elə bilirəm ki, ölürəm. Aparırlar həkimə, deyir, öd mütləq götürülməlidir. Əməliyyat oluram. Əməliyyatdan 10-15 gündür keçib, özümü narahat hiss edirəm, baş gicəllənmələr, ürək bulanmalar. O saat ağlıma gəldi ki, xərçəngəm.
Günlərin bir günü xına aparıram. Hardasa öd əməliyyatımdan 20 gün sonra. Gəlinin başının üstündə söz danışdığım yerdə arxa-arxaya getdim. Yaxşı ki, stulda oturmuşdum, ondan yapışdım. Sözümü tamamladım, müğənniyə göz-qaş etdim ki, oxu. Çıxdım, həyat yoldaşım dayanmışdı. Dedim, Murad, bu, axırıncıdır, səhər həkimə getməliyəm. Ya ödümdə nəsə problem var, ya da xərçəngəm. Səhər mütləq həkimə getməliyəm.
Dayım qızına yazdım. Dedi, Xuraman, bəlkə nəsə var? Ailə qumusan, bəlkə övlad var? Deyirəm, ay qız, nə danışırsan, heç vaxt övladım olmayacaq. Həkimlər mənə deyib ki, övladın olmayacaq. Dedi, sən bir dənə yoxla. Murada söylədim alarsan. Yoxlayıram, bu nədir? Deyirəm ola bilməz. Dayım qızına atıram. Dedi, sən ana olacaqsan. Deyirəm ola bilməz. Deyir ki, görmürsən ki, göstərir. Tez baldızıma atdım. O da ana olacaqsan dedi. Səhər həkimə gedirik. Həkim yoxlayır, deyir ki, bura niyə gəlmisiniz? Normal haldır. Siz hamiləsiniz. Dedim ki, siz məni ələ salırsınız. Niyə hislərimlə oynayırsınız? Dedi ki, siz artıq neçənci aydır hamiləsiniz.
Deməli mənim ödüm əməliyyat ola-ola, sən demə, uşaq var imiş. Çox maraqlı bir haldır. Bu necə ola bilər? Həkim dedi buyurun, inanmırsınızsa, qulaq asın ürək döyüntülərinə. İkimizdə şokdayıq. Həyat yoldaşımın bir xasiyyəri var, qızarır və başlayır dırnaqlarını yeməyə. Çox qəribə, həyatımın şoku, sürprizi, müalicə almadan, müayinəyə getmədən övlad sahibi oldum. Buradan üzümü kilolu xanımlara tutub demək istəyirəm ki, həkim sizə desə, heç vaxt ana olmayacaqsınız, heç kimə inanmayın”.