Müğənni Xatirə İslam bayağı mahnılar və onların ifaçıları ilə bağlı fikirlərini bölüşüb. Miraj.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabında paylaşım edib.
Sənətçi bildirib ki, reytinq yaradan, qalmaqala səbəb olan ifaçılara və mahnılarına daha çox tələbat var:
“Sizcə bu gün insanlar özü peşəkar musiqini dinləmək istəyir, yoxsa “şandrika” mahnıları? Bu gün ölkədə hansı musiqilər dillər əzbəri olur? Hansı mahnılar daha çox sevilir?
Gəlin, düz danışaq. Siz ifaçını bayağı mahnı ilə daha çox tədbirlərinizə dəvət edirsiniz. Deməli, sizə belə mahnılar lazımdır. Bu gün ölkədə baş tutan tədbirlərdə ən çox hansı musiqilər səslənir? Bu gün daha çox səhnə dəvəti alanlar hansı ifaçılardır? Bu gün efirlərdə reytinq, gündəm yaradan hansı ifaçılardır? Qalmaqala çox baxırsınız, yoxsa musiqili verilişə? Aparıcı görəndə ki qalmaqal edib və bütün reytinqləri vurub, ölkə o verilişdən danışır, belə də davam edir. Nə etməlidir? Sizə nə maraqlıdırsa, ifaçılar sizə onu hazırlayıb təqdim edir”.
Xatirə İslam bayağı mahnılar ifa edənlərə daha çox tələbat olmasında da münasibət bildirib: “Tədbirlərinizə ifaçı yəqin ki, özü gəlmir, siz dəvət edirsiniz, yüksək qonorar verirsiniz. Bu da o deməkdir ki, “şandrika” mahnılara daha çox tələbat var. Musiqi duyumu olmayan və maddi durumu yüksək olan insanlar bu gün çoxluq təşkil edir. Hamının zövqünə hörmətlə yanaşaraq demək istəyirəm ki, əziz ifaçılar və səhnəyə çıxanlar, bayağı musiqi yoxdur, bayağı ifa var. Mahnıları 2 saata aranjiman etdirməyin. Bir mahnının 20 il dinlənməyini istəyirsinizsə, səslənməyə, vurğulara, aranjimana diqqət edin ki, gələn il dinlənəndə o səslənmə sizə köhnə kimi gəlməsin. Çoxları bayağı mahnı ifa edənlərə gizlin qulaq asırlar (çünki içi odur). Amma məclisinə səviyyəli musiqi təqdim edən ifaçıları dəvət edir. Özünüz olun, daha bəsdir. Sərbəst olun, içiniz istədiyi adam olun. Zövqünüzdən utanırsınızsa, bir az dəyişin, xanımlar və cənablar”.