Vasif Məhərrəmli: “Manaf Ağayev hər halı ilə dostumdur”

Əməkdar artist Vasif Məhərrəmli müğənni Manaf Ağayevlə aralarında yaşanan incikliyə münasibət bildirib. Miraj.az xəbər verir ki, sənətçi “Günün sədası” verilişinə telefonla bağlanaraq həmkarının onunla bağlı dediklərinə cavab verib:

“Manaf Ağayevin hər vəziyyətində çalışmışam yanında olum. Manaf dostumdur. Ürəyi uşaq ürəyi kimidir, baxanda çox pafosla danışır. Bir anlıq bir söz deyib, sonra peşmanlığını çəkir. Hər halıyla mənim dostumdur. Məndən küsə bilər, amma qardaş arasında, ailədə küsülülüklər ola bilər. Əsas odur ki, barışmağa işıq yeri olsun. Maddi və mənəvi hər zaman Manafın yanında olmuşam”.

Verilişdə yer alan Manaf Ağayev onun bu açıqlamasından sonra “Sən mənim qardaşımsan” sözlərini deyib.

Xatırladaq ki, Manaf Vasifin ünvanına “Güvəndiyim dağlar sənə də qar yağdı” sözünü deyib. Daha sonra onlar sosial şəbəkədə bir-birini izləmədən çıxarıb. Manaf Ağayev Vasif Məhərrəmli ilə yanaşı, daha bir neçə sənət dostu haqqında incikliyini ifadə edib. O, bunu bir müddət öncə Ağdama qanunsuz səfəri ilə həbs olunduğu günlərdə dostlarından istədiyi kimi dəstək almaması ilə əlaqələndirib.