Müğənni Vasif Məhərrəmli ötən il Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş qismində dindirilib. Miraj.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə o bildirib ki, təqsirləndirilən şəxs ona pul vermədiyi üçün şantaj edib:
“Həyat yoldaşım Maqsud adlı şəxsin sosial şəbəkələrdə mənim haqqımda xoşagəlməz ifadələr işlətdiyini dedi. Guya mən Tbilisi prospektində 3 otaqlı ev almışam və anam yaşda qadınla şəxsi münasibətim var. Onun nömrəsini tapıb zəng etdim. Lakin Maqsud telefonu açmadı. Daha sonra özü mənə zəng etdi. Soruşdum ki, bu böhtan dolu informasiyaları sənə kim deyib? Maqsud bildirdi ki, “sərbli ol, tam dəqiq öyrənib deyəcəyəm”. Daha sonra onunla münasibətimiz yarandı. O, Manaf haqqında da bəzi söhbətlər danışdı. Maqsuda belə etməməsini dedim. Manaf və Afətdən pul istədiyini eşitdim. Amma onlar məndən ağıllı çıxıb vermədilər. Mən isə Maqsuda 1000 manat pul verdim”,
Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib. İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.
İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlər arasında müğənnilər Afət Fərmanqızı ilə Vasif Məhərrəmli də var.