Uill Smit Kris Rokdan üzr istədi – Şilləyə görə

Amerikalı aktyor Uill Smit komediya ustası Kris Roka şillə vurduğuna görə ondan üzr istəyib. Miraj.az xəbər verir ki, o, bu barədə “İnstagram” hesabından paylaşım edib:

“İstənilən formada zorakılıq zəhərli və dağıdıcıdır. Dünən gecə mərasimdəki davranışım qəbuledilməz və bağışlanmazdır.

Mənə ünvanlanan zarafatlara qulaq asmaq aktyor işinin bir hissəsidir. Lakin həyat yoldaşımın səhhəti ilə bağlı deyilənlər məndə saxlaya bilmədiyim emosional reaksiyaya səbəb oldu.

Amerika Kino Akademiyasından, şounun təşkilatçılarından və orada olan hər kəsdən, eləcə də bütün dünyadakı tamaşaçılardan üzr istəyirəm.

İctimaiyyət qarşısında səndən üzr istəmək istəyirəm, Kris. Xətti keçdim, səhv etdim. Utanıram və hərəkətlərim olmaq istədiyim insanı əks etdirmir. Sevgi və xeyirxahlıq dünyasında zorakılığa yer yoxdur”.

Xatırladaq ki, Smit, Amerika Kino Akademiyasının “Oskar” mükafatlarının təqdimetmə mərasimi zamanı tədbirin aparıcısı olan Krisə şillə vurmuşdu. Buna komediya ustasının Uillin həyat yoldaşı Ceyd Pinkett-Smitlə bağlı uğursuz zarafatı səbəb olmuşdu. Belə ki, o, Smitin xanımının “heyranedici, çox qısa saçları” olduğunu vurğulayıb. Uill Smit onun bu zarafatlarına gülsə də, qəfildən oturduğu yerdən qalxaraq səhnəyə çıxıb və Rokun üzünə şillə vurub. O, sonra kreslosuna qayıdıb, lakin Rok haqqında bir neçə kəlmə təhqiramiz söz deyib. Bu zaman verilişin səsi kəsilib və Smitin sözləri naməlum olaraq qalıb. Rok isə baş verənləri “bu, televiziya tarixinin ən möhtəşəm gecəsi idi” adlandırıb.

Amerika Kino Akademiyası sözügedən hadisə ilə bağlı araşdırma aparır. Smitin bu hərəkətinə görə hansısa formada cəzalanıb-cəzalanmayacağı maraqla gözlənilir.