Televiziya və radio yayımçıları ilə bağlı gəlir və xərclərin məbləği açıqlandı

Azərbaycanda televiziya və radio yayımçılarının reklam gəlirləri haqqında məlumatlar açıqlanıb. Miraj.az xəbər verir ki, bu barədə məlumat Azərbaycanda audiovizual industriya bazarının 2021-ci il üzrə göstəricilərində yer alıb.

Qeyd olunub ki, 2021-ci ildə ümumölkə yayımçılarının reklam gəlirləri (ƏDV daxil olmaqla) ümumi olaraq 42.300.000 manat təşkil edib. Bildirilib ki, onlardan 35.900.000 manat – televiziya yayımçılarına (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV), 6.400.000 manat – radio yayımçılarına (Azərbaycan Radiosu, İctimai Radio, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, ASAN Radio, Avto FM, Radio TMB, Radio Enerji, Xəzər FM, Araz Radiosu, Media FM) aiddir.

Qeyd edilib ki, 2019-cu və 2020-ci illər ilə müqayisədə reklam gəlirlərinin əhəmiyyətli dərəcədə artması bir tərəfdən ölkə daxilində iqtisadi fəallığın artması ilə, digər tərəfdən reklam qanunvericiliyinə riayət olunmasına nəzarət sahəsində Şura tərəfindən atılmış addımların nəticəsi ilə əlaqədardır:

“Cari ilin əvvəlindən müşahidə etdiyimiz vəziyyət 2022-ci ildə yayımçıların reklam gəlirlərinin artacağını proqnozlaşdırmaq imkanı verir”.

Məlumatda həmçinin vurğulanıb ki, 2021-ci il ərzində dövlət büdcəsindən yayımçılara 55.700.000 manat vəsait ayrılıb.

Bunlardan 51.700.000 manat – dövlət büdcəsindən maliyyələşən yayımçılara (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio, zərbaycan Radiosu), 4.000.000 manat – özəl (kommersiya) yayımçılara (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, Real TV, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, Media FM, Radio Enerji, Radio TMB) ayrılıb.

Ümumölkə televiziya və radio yayımçılarında 4374 nəfər fəaliyyət göstərir. Bu barədə Azərbaycanda audiovizual industriya bazarının 2021-ci il üzrə göstəricilərində qeyd olunub.

Onlardan 4011 nəfər televiziya, 363 nəfər isə radio sahəsində məşğuldur.

Dövlət büdcəsindən maliyyələşən yayımçılarda (AZTV, Mədəniyyət TV, İdman TV, İTV, İctimai Radio, Azərbaycan Radiosu) 1920 nəfər, dövlət büdcəsindən maliyyələşməyən yayımçılarda (Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV, Real TV, Space Radio, Azad Azərbaycan Radio, 106FM, Xəzər FM, Araz Radio, Media FM, Radio Enerji, Radio TMB, ASAN Radio, Avto FM) isə 2454 nəfər işləyir.

Azərbaycanda televiziya və radio yayımçılarının xərcləri haqqında da məlumatlar açıqlanıb. 2021-ci il ərzində yayımçıların xərclərinin ən iri istiqamətləri aşağıdakılar olub:

Əməkhaqqı fondu – 49.500.000 manat
Yayım xərcləri – 13.300.000 manat
Yerli kontent xərcləri – 6.700.000 manat
Xarici lisenziyalı kontent xərcləri – 4.200.000 manat