Prodüser Tarix Əliyev (Tolik) aparıcı Zaur Kamalın Cənubi Azərbaycandan olan müğənni Afşin Azərini proqramdan qovmasına münasibət bildirib. Miraj.az xəbər verir ki, özü də aparıcı olan Tolik sosial şəbəkə hesabında bunları qeyd edib:
“Burada özümə nə reklam, nə də xal qazanmaq fikrindəyəm. Amma onu bilirəm ki, İranda Azərbaycan qanı daşıyan 40 milyon azərbaycanlı var. Onlar bizi hər zaman özlərindən bilirlər.
Afşini dəfələrlə efirimə dəvət etmişəm. Zaur da bu gün növbəti dəfə Afşini öz verilişinə çağırıb. Amma illərlə televiziyada öz tamaşaçı kütləsini yığan və özü dediyi kimi İranda yaşayan həmvətənlərimizin izlədiyi bir verilişdə azərbaycanlı olsa da, ölkəmizdə qonaq olan tanınmış bir sənətçini canlı efirdən qovmaq həm kanal, həm də ölkə adına tərbiyəsizlikdir.
Sabah İranda yaşayan erməni deyəcək ki, bəs deyirdiz öz vətənimizdir?! Bu da vətəniniz, sənətçinizi efirdən qovurlar. Afşin, mən öz adımdan deyim ki, sən tərbiyən və səbrinlə bir çoxuna nümunə oldun. Yaşa. Bir də çox yaxşı dedin, kişi arasında olan söz elə kişi arasında qalar”.
Xatırladaq ki, Zaur Kamal “Həmin Zaur” verilişinə qonaq gələn Afşin Azərini efirdən qovub. Bu, ictimaiyyətdə ciddi tənqidlərə səbəb olub. Tarix Əliyev də daxil olmaqla, bir çox insan aparıcının bu hərəkətini pisləyib, onun və telekanalın sərt cəzalanmasını tələb edib. Aparıcının bu hərəkətinə görə efirdən uzaqlaşdırılmasını və üzr istəməsini də tələb edənlər var. Baş verənlərlə bağlı Audiovizual Şuranın və ARB televiziyasının rəsmi açıqlama yayması gözlənilir.