Bir neçə gün öncə “Location” klubda baş verən partlayışda yaralanan model Təranə Rzayeva (Merlin) ona ünvanlanan tənqidlərə cavab verib. Miraj.az xəbər verir ki, model, kluba getdiyi üçün onu qınayanlara səslənib:
“Bütün şəkillərimizin paylaşıldığı yerlərdə özlərinə yüzə yaxın saxta səhifələr açanlar şərh yazırlar. Onlar sırf şərh yazmaq üçün yaradılan saxta səhifələrdir. Ağıllarına gələn murdar ifadələr işlədirlər. Öz ardları ilə iyrənc kütlə də yığırlar. Yəni əslində bunu yazan iki-üç adamdır.
Mənə yüzlərlə xanım və bəylərdən dəstək mesajı gəlir. Əylənmişəm, demişəm, gülmüşəm… Kimə pislik etmişəm? Nəyisə edəndə kimdənsə icazə almayacağam ki… Yanan da mən oldum, sizlər deyil, kəfəni cıran da… Hər kəs deyir, anam namaz üstə olub. Mən deyirəm, qızım namaz üstə olub. Çünki orucluq girən günü ilk dəfə namaz qılmağa başlayıb, ilk orucunu tutub. O saatda klubda belə olmasaydım da, sahur üçün başqa restoranda olacaqdım. Hər orucluqda olduğu kimi. İçki də içməmişəm. Məni tanıyan bilir ki, içkiyə meyilli biri deyiləm, xoşlamıram”.
Xatırladaq ki, Tərlan Əliyarbəyov küçəsində yerləşən “Location” klubdakı partlayış nəticəsində 2 nəfər dünyasını dəyişib. 37 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.