Əməkdar artist Sevda Ələkbərzadə İçərişəhərdə keçirilən konsertdə müğənni Türkan Vəlizadənin oxuduğu mahnını tənqid edib. Miraj.az xəbər verir ki, müğənni bununla bağlı sosial şəbəkə hesabında paylaşımlar edib.
Əməkdar artist həmin an lentə aldığı görüntünü “İnstagram” hesabında paylaşıb və bu sözləri dilə gətirib: “İçərişəhərdəki musiqiyə baxın Novruz bayramında. Bu, bayağı da deyil, ondan da aşağıdır. Bununla kim məşğul olur görəsən?”
Xatırladaq İçərişəhərdə baş tutan konsertdə ifa edən Türkan Vəlizadə “Ağlıma bir ad gəlir” mahnısını oxuyub. Bundan narazı qalan Sevda Ələkbərzadə daha sonra yeni paylaşım edərək məsələ ilə bağlı geniş açıqlama verib. O bildirib ki, bu cür mahnının İçərişəhərdə səsləndirilməsi yanlışdır:
“Mənim adımı heç kiminki ilə birgə hallandırmayın, şəklimi paylaşmayın. Mən oradakı ifaçını tanımıram. Azərbaycanın mədəniyyət, Vaqif Mustafazadə, xalçaçılıq ocağında, bir çox turistlərin olduğu yerdə belə musiqi səsləndirilməsi məni dəhşətə gətirdi. Bu, Azərbaycanın ən əsas, gözəl Novruz bayramında olan bir konsertdir. Lap turistlər yox, azərbaycanlı insanlar, uşaqlar gəlir. Zövqdən danışırıq, belə bir musiqi səslənə bilər? Biz avtovağzalda, taksidə, bazarda hansı musiqi gedir danışmırıq. Biz İçərişəhərdə, Novruz bayramında olan musiqidən danışırıq. Mənim sözüm onlaradır ki, bu işlə kim məşğul olur? Belə özəl gündə və özəl yerdə niyə belə musiqi səslənir? Əgər ona musiqi demək olarsa”.