Sevda Ələkbərzadə: “Mən qalmaqaldan uzağam”

Əməkdar artist Sevda Ələkbərzadə verilişlərə çox çıxmamasının səbəbini açıqlayıb. Miraj.az xəbər verir ki, o, “Deməsəm olmaz” proqramında bunları söyləyib:

“Heç vaxt verilişlərə çox çıxmamışam. İnsan var efirə çıxmağı sevir, mən yox. Gözüm toxdur, uşaqlıqdan bunun içində böyümüşəm. Atama görə evimizdə hər zaman çəkilişlər olub. Mənim üçün burada qeyri-adi hal olmur. Bəzən getmişəm, demişəm, kaş getməzdim. Səviyyə o deyil, mənim yerim deyil. İndi gedəndə əvvəlcədən öyrənirəm, “Youtube”-da izləyirəm, qonaqları soruşuram.

Bir dəfə “Arazbari” klipimi verilişlərdən birində təqdim etdim. Getdim gördüm elə adamlar dəvət ediblər ki, onları mən, sən, biz tanımırıq. Onları elə təqdim edirdilər ki… Onların musiqiyə aidiyyatı yoxdur. Mən və işim kənarda qalıb. Anladım ki, onlar pul verib efirə çıxıblar. Həmin hadisə ürəyimdə xal kimi qaldı. Utanmasaydım, o verilişi tərk edərdim. Onların günahı yoxdur. Günah onları ora dəvət edib, o səviyyəyə qaldıranlardadır”.

Sevda Ələkbərzadə bir çox sənət adamının verilişlərə getməməsini belə izah edib:

“Bir veriliş yaxşı olsa, qonaqları yaxşı olsa, aparıcı peşəkar, intelektli olsa, hamı gedər. Gələn qonaqları sən görürsən axı. Sənətə aidiyyatı olmayanları aparıcılar sənətkar kimi təqdim edirlər. Buna görə də müğənnilər getmir verilişlərə. Bir aparıcı məni qane etmirsə, getməyəcəm, İstər məni tək çağırsın. Bəzən mən də şərt qoyuram ki, tək gəlim və ya istədiyim insanlarla olum. Ona görə yox ki, kiməsə yuxarıdan aşağı baxıram. Sadəcə uyğunluq olmalıdır”.

“Belə mahnılar radioda səslənməməlidir”

Sevda müğənni Türkan Vəlizadənin mahnısının İçərişəhərdə konsertdə səsləndirilməsinə irad bildirməsinə də toxunub:

“Hər kəsin şəxsiyyətinə hörmətlə yanaşıram. Mənim paylaşımım vətəndaş mövqeyi idi. İçərişəhərdəydim, qoruqdur, açıq havadakı muzeyimizdir. Belə musiqi bazarda və haradasa səslənə bilər, gedib deyə bilmərik, səsləndirmə. Amma muzeydə, mədəniyyət ocağında bunu deməyə ixtiyarımız var. İçərişəhərin böyüyü bunu etmir. Bu iş işçiyə həvalə olunur və o edir. Həmin gün mən gəzəndə iki şəxsin bir-birinə “bu nə musiqidir” dediyini eşitdim. İçərişəhərdə dediyim söz də, başqa yerə yönəldildi. Mən qalmaqaldan uzağam. İfaçını tanımırdım, səhnəni arxadan çəkdim. Gedirdim, amma içimdə boğuldu, vətəndaş mövqeyimi bildirdim”.

Müğənni bayağı musiqilərin trendə düşməsi haqda suala isə belə cavab verib:

“Həmin mahnılar radioda səslənməməlidir. Heç bir pulla, tapşırıqla olmammalıdır. Onsuz da onların dinləyici kütləsi var. Mən trendə düşmək istəmirəm. Ya baxış dalıyca qaçacam, ya da sənətimlə məşğul olacam”.