Rüstəm İbrahimbəyov vəfat etdi

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Rüstəm İbrahimbəyov vəfat edib. Miraj.az xəbər verir ki, bu barədə Kinematoqrafçılar İttifaqı məlumat yayıb.

O, martın 10-dan 11-nə keçən gecə Rusiyanın paytaxtı Moskvada 83 yaşında dünyasını dəyişib. Kinorejissor uzun sürən xəstəlikdən sonra vəfat edib.

Ailəsinin verdiyi məlumata görə, kinorejissor vətəndə dəfn olunacaq. Dəfn vaxtı və məkanı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Rüstəm İbrahimbəyov 1939-cu il fevralın 5-də Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnsitutunu bitirib, sonralar Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda ssenarist və rejissor ixtisaslarına yiyələnib.

Yazıçı, nasir, dramaturq, ssenarist, prodüser və kinorejissor İbrahimbəyov, 1969-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü, Azərbaycan Respublikasının xalq yazıçısı (1998) adını da daşıyırdı. R.İbrahimbəyov həm Azərbaycanda, həm keçmiş postsovet məkanında, həm də bütün dünyada peşəkar ssenarist, dramaturq və rejissor kimi tanınır. Azərbaycanın xalq yazıçısı Maqsud İbrahimbəyovun qardaşıdır.

Onun əsərləri əsasında 40-dan çox bədii film, televiziya filmləri və tamaşaları çəkilib. 1989-cu ildə əsası qoyulan “İbrus” (İB- bİbrahimbəyov, RUS-Rüstəm) şirkətinin və eyni adlı teatrın təsisçisidir. 1962-ci ildən yazıçılıqla məşğul olub. 15 pyesi dünyanın 100 dən çox ölkə teatrlarından tamaşaya qoyulub. R.İbrahimbəyovla Nikita Mixalkovun müştərək filmi olan “Sibir bərbəri” 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.

1999-cu ildə onun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Rejis Varnye olan “Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olub. Onun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi bir vaxtlar keçmiş SSRİ-də ən çox baxılan film olub.