Bu gün Bakıda tanınmış yazıçı, dramaturq və ssenarist Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib. Miraj.az xəbər verir ki, uzun sürən xəstəlikdən sonra martın 11-də vəfat edən mərhumun cənazəsi Moskvadan Bakıya gətirilərək, Fəxri xiyabanda dəfn olunub.
O, təxminən 5 aya yaxın idi ki, xəstə idi, müalicə olunurdu. Görkəmli sənətkarla daha öncə Rusiyanın paytaxtı Moskvada vida mərasimi təşkil olunmuşdu. Daha sonra o, Azərbaycana gətirilib və doğma vətənində dəfn olunub.
Bakıda anadan olan yazıçı 1939-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonradan o, Moskvaya gedib və Ali rejissorluq və ssenaristlik kurslarında təhsil alıb.
Rüstəm İbrahimbəyov 40-dan artıq bədii və televiziya filmlərinin ssenari müəllifi olub. O, həmçinin illər boyu Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri olub.
Onun ilk filmlərindən biri, 1969-cu ildə ekranlara çıxan və Azərbaycanda sovet həyatının ziddiyyətlərindən bəhs edən “Bir cənub şəhərində” filmi bir neçə il ekranlarda görünməyib. Rüstəm İbrahimbəyov həmçinin “Səhranın bəyaz günəşi”, “İstintaq”, “Ad günü”, “Günəşdən usanmışlar” kimi bir çox məşhur filmlərin ssenarilərini yazıb. Onun əsərləri ən yüksək beynəlxalq mükafatlara layiq görülüb.