Rəşad Dağlı qətl törətdi – Meyxanaçı qonşusunu buna görə öldürüb

Tanınmış meyxanaçı Rəşad Dağlı Bakı şəhəri ərazisində qətl törədib. Miraj.az xəbər verir ki, hadisə Qaradağ rayonu Lökbatan qəsəbəsində baş verib.

Rəşad Dağlı mübahisə zəminində qonşusu İsgəndər adlı şəxsi bıçaqlayaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Məlumatı DİN-in Mətbuat xidmətindən təsdiq ediblər.

Qaradağ rayon prokurorluğu hadisə ilə bağlı rəsmi məlumat yayıb. Məlumatda bunlar qeyd olunub:

“Noyabrın 9-da, saat 5:00 radələrində 1979-cu il təvəllüdlü İsgəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İsgəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir”.

Artıq Rəşad Dağlının qətlə yetirdiyi şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Meyxanaçının bıçaqladığı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev xeyli vaxt həbsxanada imiş və azadlığa yeni çıxıbmış. Hadisəyə isə İsgəndərin Rəşad Dağlının arxasınca söyüş söyməsi səbəb olub. Onun narkotik vasitələrin satışı ilə məşğul olduğu və məhz buna görə həbsdə olduğu iddia edilir.

Belə ki, Rəşad Dağlı İsgəndərlə məsələyə aydınlıq gətirmək üçün onu görüşə çağırıb və bu gün səhər saat 5:00 radələrində hər iki şəxs Lökbatan qəsəbəsində görüşüblər. Şəxsi münasibətlər zəminində baş vermiş münaqişə zamanı Rəşad Dağlı İsgəndəri bıçaqlayaraq öldürüb.