ABŞ-ın Kaliforniya ştatında ölkə kinoakademiyasının əsas mükafatı olan “Oskar”ın 94-cü mükafatlandırma mərasimi keçirilib. Miraj.az xəbər verir ki, Los-Anceles şəhərindəki “Dolby Theatre”da keçirilən təntənəli mərasim üç saata yaxın davam edib.
Bu il “Ən yaxşı film” nominasiyasında 10 film rəqabət aparıb: “Dyuna”, “Belfast”, “Yuxarı baxmayın”, “Vestsayd tarixçəsi”, “Koda” (“Kar valideynlərin uşağı”), “İtin gücü”, “Biyan pitsa”, “Kabuslar xiyabanı”, “Kral Riçard” və “Mənim avtomobilimi sür”. Rejissor Şan Heyderin “Kar valideynlərin uşağı” filmi “ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatını qazanıb.
Ən yaxşı xarici film nominasiyasında “Mənim avtomobilimi sür” filmi “Oskar” mükafatı qazanıb. Filmin rejissoru yapon Ryusuke Hamaqutidir.
ABŞ aktyoru və musiqiçisi Uill Smit “Kral Riçard” filmindəki roluna görə “ən yaxşı aktyor” nominasiyası üzrə “Oskar” mükafatı alıb. Filmin rejissoru Reynaldo Markus Qrindir. Mükafat uğrunda həmçinin Xavyer Bardem (“Rikardo olmaq”), Benedikt Kamberbetç (“İtin gücü”), Endryu Qarfild (“Tik-tak, bum!”) və Denzel Vaşinqton (“Makbet”) da mübarizə aparıb.
Cessika Çesteyn isə “Temmi Feyin gözləri” filmindəki roluna görə “Ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” mükafatının sahibi olub. Bu kateqoriyada qalib olmaq üçün Nikol Kidman (“Rikardo olmaq”), Oliviya Kolman (“Yad qız”), Penelopa Krus (“Paralel analar”) və Kristen Stüart (“Spenser”) da namizəd idi.
Aktyor Troy Kosur Şan Heyderin rejissoru olduğu “Kar valideynlərin uşağı” (CODA, 2020) filmində ikinci planda ən yaxşı kişi roluna görə mükafat qazanıb. Ariana DeBos isə ikinci planda aktrisa mükafatına sahib olub.
Ukrayna da yada salındı
Müsabiqə zamanı Qreq Freyzer “ən yaxşı operator işi” (“Dyuna”), “Enkanto” “ən yaxşı cizgi filmi” nominasiyası üzrə, “Şüşətəmizləyən” “ən yaxşı qısa animasiya filmi” nominasiyası üzrə “Oskar” qazanıblar.
Ceyn Kempion “İtin gücü” filmindəki işinə görə “Ən yaxşı rejissor” nominasiyasında “Oskar” qazanıb. Onunla yanaşı, Kennet Bran, Ryusuke Hamaquti, Pol Tomas Anderson və Stiven Spilberq də “Ən yaxşı rejissor” adı uğrunda mübarizə aparırdı.
Billi Ayliş Ceyms Bondun son filmi olan “Ölmək zamanı deyil” ekran əsərindəki mahnısına görə “Oskar”a layiq görülüb. Mükafatı Aylişlə birlikdə onun həmmüəllifi və böyük qardaşı Finneas O Kennell alıb.
Mərasimdə Kennet Bran və Şan Heyder ən yaxşı ssenari müəllifi nominasiyası üzrə mükafat qazanıblar. Kennet Brana və Şan Heyder müvafiq olaraq “Ən yaxşı orijinal ssenari” və “Ən yaxşı uyğunlaşdırılmış ssenari” nominasiyalarında “Oskar” qazanıblar. Bran “Belfast” filmi üçün ən yaxşı orijinal ssenariyə görə, Xeyder “Kar valideynlərin uşağı” ekran əsərinin ssenarisina görə mükafatlandırılıblar.
Mərasimin təşkilatçıları Ukrayna hadisələrində həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Xatırladaq ki, təşkilatçılar ötən il sosial məsafəni qorumaq üçün təşkilatçılar mərasimi eyni anda bir neçə yerdə, o cümlədən Los-Ancelesin “Union Station” dəmiryol vağzalında keçirməyə məcbur olmuşdular.