Nadir Rüstəmli: “Eurovision” səhnəsində çox çətin anlarla üz-üzə qaldım”

“Eurovision-2022” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli yarışma zamanı başına gələn hadisələrdən danışıb. Miraj.az xəbər verir ki, “Dik daban” proqramına qonaq olan Nadir hündürlük qorxusu olduğunu söyləyib:

“Səhnədə pilləkənlərdə duranda, onları bir-birindən ayırmaq üçün elektro texnikadan deyil, qol qüvvəsindən istifadə edilirdi. Bu zaman isə yıxılmamaq üçün ayağımı pilləkənə dayayırdım. Aralar çox idi. Pilləkən aralananda əsirdim. Gözümü açıram, aşağıdan su gedir, yuxarıda tamaşaçı. Tamaşaçını da görəndə həyəcanlanırdım. Hündürlük məsafəsi kifayət qədər yüksək idi. Səhnədə çox çətin anlarla üz-üzə qaldım”.

Nadir Rüstəmli onun şousunda iştirak edən rəqqasdan aldığı dəstəkdən də danışıb:

“Səhnə nömrəmdə iştirak edən rəqqas Borislə pilləkəndə üz-üzə gələndə o göz vurub, gülümsəyirdi. Onun bu hərəkəti məni çox rahatladırdı. Borisin üz ifadəsini isə heç kim görmürdü. Hər dəfə ona “çox sağ ol” deyirdim”.

Xatırladaq ki, Nadir Azərbaycanı bu yarışmada “Fade to black” mahnısı ilə təmsil edib. O, yekunda 106 xal toplayaraq 16-cı sırada qərarlaşıb.

Yarışmanın qalibi isə Ukrayna olub. Sözügedən ölkə 631 səslə birinci olub. Ukraynanı “Kaluş” qrupu “Stefania” mahnısı ilə təmsil edib.