Müğənni Nadir Qafarzadə “TikTok” sosial şəbəkəsini sərt tənqid edib. Miraj.az xəbər verir ki, o, “MTV Maqazin”ə açıqlamasında bunları söyləyib:
“Bilmədiyim söyüşləri “TikTok”da görürəm. 52 yaşlı kişi kimi o sözləri heç bilmirəm. Amma qadınlardan eşidirəm. O sözləri onlar haradan icad ediblər, o dərsi kim keçib? Qadın və söyüş… Biri var eşitdiyimiz yüngül, biri də var ağır (köklü) söyüşlər. “TikTok” abırsızlığı təbliğ edir”.
Nadir Qafarzadə bəzi tanınmış simaların pula görə “TikTok”da özlərini təlxək vəziyyətinə saldıqlarını vurğuluyub və onları tənqid edib:
“Efirə çıxanda kişi-kişi danışırdılar. İndi baxırsan ki, “TikTok”da oyun çıxarır. Deməli, sən elə o imişsən, obraza girmişdin. Normal qadına və kişiyə orada hoqqa verib, oyun çıxarmaq yaraşmır. Tanınmışlar təlxəklik əvəzinə, işlərini reklam etsinlər. Mən də oraya 7-8 video yükləmişəm, amma təlxəklik, ucuzluq yoxdur. Maraq üçün girmişdim, yazdılar ki, imkan ver, kasıblar qazansın. Ondan sonra girməmişəm və girməyəcəyəm. Allah mənə “TikTok” pulunu qismət etməsin. Etdiyi gün canımı alsın. Orada pul istədiyim gün yəqin ki, özümü asaram”.