Müğənni Nadir Qafarzadə oğlu Loğmanın toyuna dəvət etdiyi, amma məclisə gəlməyən müğənnilərin adını açıqlayıb. Miraj.az xəbər verir ki, o, bu haqda “7 Özəl” proqramında danışıb.
Qafarzadə bildirib ki, üç Xalq artisti onun məclisinə gəlməyib:
“Sayanın qulu, saymayanın kralıyam. Necəsiniz, mən də elə olacağam. Deyəcəklər, səni saymayıb, gəlməyiblər. Amma mən heç bir toydan qalmamışam. Oğlumun toyunda Zülfiyyə Xanbabayevanı gözlədim. Çünki uşaqlar gəlməsini istəyirdilər. Amma gəlmədi. Oğlum və gəlinim Eyyub Yaqubovu, Röya Ayxanı istədi, gəldilər də. Brilliant Dadaşova və Tünzalə Ağayevanı dəvət etmişdim, gəlmədilər. Gəlib orada “xoşbəxt olsunlar” demək çətin idi?”
Nadir Qafarzadə həmkarı Natavan Həbibini də tənqid edib. O, Natavanın dostlarına qarşı haqsızlıq etdiyini söyləyib:
“Natavanın son zamanlar ulduzluğu tutub. Dostlarını da saymır, unudub. Elə insanlar var ki, uzunmüddətli dostluğu bacarmır. Dostuyla düşmənini ayırmır. Bir vaxtlar oğluma deyirdim, toy edəndə kimi çağırım? Deyirdi, Natavanı. Ona dedim ki, oğlum toyunda səni istəyir. Gəlmədi… Ona tövsiyyə edirəm: düşün, daşın, yaşın gedir. Mənim 50, sənin yaşın 40-a çatıb. Gənclik gedib, kaprizləri qoy kənara, dostları yığ başına. Soyuqqanlılıq var o qızda. Əslində elə deyil, amma özü elə obraz yaradır. Oturub danışanda elə qəşəng söhbət edir ki… Bir vaxtlar İzzət Bağırova “yekəxana” deyirdilər. Amma adam elə deyil. Natavan, ekranda özünü elə göstərirsən ki, tamaşaçını itələyirsən. Bir az “mənə gəl” et”.