Müğənni Manaf Ağayev işğaldan azad edilmiş Füzuli şəhərinə gedib. Miraj.az xəbər verir ki, sənətçi bununla bağlı görüntüləri sosial şəbəkə hesabında paylaşıb.
O, Füzuliyə işğaldan azad olunandan sonra ilk dəfə getdiyini vurğulayıb: “Doğma Füzulimdə… Allah bütün qarabağlılara Qarabağımızın hər guşəsini görməyi nəsib etsin. Adam görəndə həm sevinir, həm kövrəlir”.
Manaf Ağayevin Füzuliyə bahalı avtomobilində getməsi sosial şəbəkədə müzakirələrə səbəb olub. Müğənni daha sonra görüntüləri “İnstagram” hesabından silib. Görüntüdə diqqət çəkən digər məqam isə 10-AA-307 dövlət nömrə nişanlı avtomobil olub.
Yeri gəlmişkən, bu görüntülər yayıldıqdan dərhal sonra polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”a açıqlamasında bildirib.
“Bu gün sosial şəbəkələrdə müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılıb. Araşdırma zamanı müğənnini artıq Bakı şəhərində olduğu müəyyən edilib. Manaf Ağayev və onun yanındakı vətəndaş polis idarəsinə dəvət olunublar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Hazırda məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.