Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Manaf Ağayev efirdə bir araya gəliblər. Miraj.az xəbər verir ki, “Səhər mərkəzi” proqramında ad gününü qeyd edən Vasifi təbrikə gələn Manaf ondan incəmə səbəbini də açıqlayıb.
Manaf onun üçün hazırlanan suallar arasında birini seçərək “Qəşəngi budur, oxuyum. Niyə dar günümdə mənə dayaq olmadın” oxuyub. O, bir neçə dəfə sualı təkrarlayaraq Vasifə ünvanlayıb.
Vasif isə gülərək “Olmadım” sualını ünvanlayıb. “Əsas odur işıq gələn yer olsun. Bəzən ata ilə oğul arasında da inciklik yaşanır” deyə, Manaf əlavə edib.
Xatırladaq ki, Manaf Ağayev və iş adamı Sənan Hüseynov bir müddət əvvəl bahalı avtomobillə Füzuliyə səfər etmişdi. İfaçı Füzuli aeroportunda çəkilən videonu sosial şəbəkə hesabında yayımlamışdı. Az keçmədən müğənni paylaşımını silmək məcburiyyətində qalmışdı. Videoda Manaf Ağayevin avtomobilinin yanında yer alan 10-AA-307 seriyalı digər maşının sahibinin əslən Füzulidən olan iş adamı Sənan Hüseynov olduğu üzə çıxmışdı. Sənətçi və iş adamı Füzuliyə icazəsiz yollandıqları üçün 15 sutka həbs olunmuşdular. İfaçı martın 5-də azadlığa çıxıb. Həbsxanadan çıxdıqdan sonra sənətçi bir çox dostları ilə münasibətini bitirdiyini, incidiyini söyləyib. Manaf onların arasında Vasifin də adını çəkmişdi.