Jerar Depardye Rusiya vətəndaşlığından məhrum edilə bilər

Fransalı aktyor Jerar Depardye Rusiya vətəndaşlığından məhrum edilə bilər. Miraj.az xəbər verir ki, buna onun Ukraynadakı hərbi əməliyyatlarla bağlı işlətdiyi ifadələr səbəb göstərilir.

Aktyor Parisdəki üç konsertinin bilet satışından əldə etdiyi bütün vəsaiti ukraynadan olan müharibə qurbanları üçün bağışlayıb. Bundan başqa, o, “Rusiya xalqı öz liderlərinin qəbuledilməz hərəkətlərinə görə məsuliyyət daşımır” ifadəsini səsləndirib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov da bu məsələ ilə bağlı fikirlərini bölüşüb:

“Orada prezidentin adı çəkilir. Güman edirəm ki, Depardye nə baş verdiyini tam başa düşmür. Çünki siyasi gündəmə tam hakim deyil. O, 2014-cü ildə Ukraynada baş verənləri anlamır. Minsk razılaşmalarının nə olduğunu, Donetsk və Luqanskın nə olduğunu başa düşmür. O, dinc sakinlərin bombalanmasının nə demək olduğunu, millətçi ünsürləri bilmir. Lazım gələrsə, daha yaxşı anlaması üçün bütün bunları ona izah etməyə hazırıq”.

Rusiya Dövlət Dumasının deputatı Sultan Həmzəyev hesab edir ki, fransalı aktyor sonuncu açıqlamasına görə vətəndaşlıqdan məhrum edilməlidir. Həmçinin ona bağışlanan Saransk və Qroznıdakı mənzillərin geri alınaraq kimsəsiz uşaqlara verilməsi tələb olunur.

Depardye müharibənin ilk günlərində də tərəfləri sülh danışıqlarına başlamağa çağırmışdı: “Rusiya və Ukrayna həmişə qardaş ölkələr olub. Bu qardaş müharibəsinin əleyhinəyəm. Müharibəni dayandırın və danışıqlar aparın”.

Xatırladaq ki, Jerar Depardye Fransanın keçmiş prezidenti Fransua Ollandın ölkənin ən varlı vətəndaşlarından 75 faiz vergi tətbiq etmək niyyətinə etiraz olaraq Rusiya vətəndaşlığı istəyib. Aktyor 2013-cü ildə Rusiya prezidenti Vladimir Putinlə qısa görüş zamanı bu ölkənin vətəndaşlığını və pasportunu almağa nail olub.