Azərbaycanda mayın 25-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-14° isti, gündüz 16-19° isti, Bakıda gecə 12-14° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 70-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Mayın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Avtomobil yollarında vəziyyət
Mayın 25-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında Bakı-Quba, Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Şəki-Qax-Zaqatala, Masallı-Yardımlı, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Xankəndi-Xocavənd, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli Göyçay-Ucar, Xaldan-Mingəçevir, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.
Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında mayın 24-ü gecəyə doğru, 25-i gecə və səhər saatlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehimalı var.