Hava proqnozu: Mayın 24-də hava belə olacaq

Azərbaycanda mayın 24-ü üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 749 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 24-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Avtomobil yollarında vəziyyət

Mayın 24-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və axşam saatlarında Bakı-Quba, Quba-Qusar, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Xaçmaz, Şəki-Qax-Zaqatala, Masallı-Yardımlı, Lənkəran-Lerik, Şəmkir-Gədəbəy, Xankəndi-Xocavənd, Ağdam-Ağdərə, Füzuli-Cəbrayıl-Mahmudlu, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli Göyçay-Ucar, Xaldan-Mingəçevir, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq.

Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında mayın 23-ü axşam, 24-də şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, yarımadanın bəzi yerlərində arabir 28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, mayın 23-ü axşam şimal və qərb rayonlarından başlayaraq 26-sı səhərədək bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimal olunur.