Azərbaycanda mayın 18-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi günün ikinci yarısında mülayim cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıdagecə 12-14° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Mayın 18-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Avtomobil yollarında vəziyyət
May ayının 18-də səhər saatlarında dağlıq ərazilərdən keçən magistral avtomobil yollarının bəzi hissələrində zəif duman ilə əlaqədar olaraq görünüş məsafəsi 700-1000 m-dək məhdudlaşacaq.