Hava proqnozu: Mayın 14-də hava belə olacaq

Azərbaycanda mayın 14-ü üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-14° isti, gündüz 20-24° isti, Bakıda gecə 11-13° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 7-12° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Mayın 14-də Abşeron yarımadasında komfort temperatur rejimi meteohəssas insanlar üçün əlverişli olsa da, arabir güclənən gilavar küləyi bəzi insanlarda narahatlıq hissi yarada bilər.

Avtomobil yollarında vəziyyət

May ayının 14-də səhər və axşam saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Giləzi-Xızı, Quba-Xaçmaz, Quba-Qusar, Bəhramtəpə-Biləsuvar, Şirvan-Noxudlu-Salyan, Şirvan-Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 300-800 m-dək məhdudlaşacaq.

Hava şəraitinin dəyişəcəyinə dair xəbərdarlıq!

Mayın 14-də Bakıda və Abşeron yarımadasında gün ərzində cənub-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə mayın 15-i axşam qərb rayonlarından başlayaraq 17-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.