Hava proqnozu: Mayın 12-də hava belə olacaq

Azərbaycanda mayın 12-si üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında yağışın günün birinci yarısında kəsiləcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-13° isti, gündüz 15-20° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Avtomobil yollarında vəziyyət

Mayın 12-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Giləzi-Xızı, Quba-Xaçmaz, Quba-Qusar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Bərdə-İstisu, Ucar-Zərdab-Ağcabədi, Xaldan-Mingəçevir, Göyçay-Bərgüşad, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Mayın 12-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.