Azərbaycanda martın 27-si üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-17° isti olacaq. Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 13-18° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 10° şaxta, gündüz 2-7° isti olacaq.
Avtomobil yollarında vəziyyət
Mart ayının 27-də gecə və səhər Quba-Qusar, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Yevlax-Xocalı-Laçın, Şuşa-Füzuli, Gəncə-Daşkəsən, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Şəmkir-Gədəbəy, Lənkəran-Lerik, Masallı-Yardımlı, magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir. Həmçinin dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 27-də Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda arabir güclənən cənub-qərb küləyinin əsəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Yaxın günlərdə temperatur yüksələcək
Martın 26-sı saat 12:00-a olan məlumata əsasən dünən axşam Culfa, Ordubad, Quba, Xaçmaz, Qusar, Qrız, Yardımlı, Şabran, Bakıda və Abşeron yarımadasında: Bakı, Maştağa, Çilov adasında 1.0 -2.0 mm-dək müşahidə olunan az yağıntı 26-sı səhər tədricən kəsilib, əksər rayonlarda əsasən yağmursuz keçib.
Qar örtüyü tədricən əriyib və hal-hazırda belədir: Sarıbaşda (Qax) 55 sm, Lerikdə 52 sm, Altıağacda 29 sm, Ağdərədə (Ordubad) 26 sm, Yardımlıda 23 sm, Kişçay (Şəkidə) 14 sm, Xaltan, Daşkəsəndə 12 sm, Qrızda 11 sm, Göygöldə 6 sm-dir.
Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 5°-dək isti, Naxçıvan MR-da 6°-dək şaxta, dağlıq rayonlarda 10°-dək şaxta, aran rayonlarında 6°-dək isti olub.
Yaxın 2 gün ərzində ölkə ərazisində temperaturun tədricən yüksələcəyi və küləkli hava şəraitinin üstünlüyü gözlənilir.