Azərbaycanda martın 15-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-7° isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16°-dək şaxta, gündüz 3-8° şaxta olacaq.
Tibbi-meteoroloji proqnoz
Mart ayının 15-də Abşeron yarımadasında mülayim xəzri küləyi fonunda nisbətən soyuq diskomfort və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Avtomobil yollarında vəziyyət
Mart ayının 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala, Qorağan-Qax-Zaqatala, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Yevlax-Xocalı-Laçın, Şuşa-Füzuli, Gəncə-Daşkəsən, Qazax-Uzuntala, Goranboy-Tərtər, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Şəmkir-Gədəbəy, Ağdam-Ağdərə, Lənkəran-Lerik, Masallı-Yardımlı, Naxçıvan-Şahbuz magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı, dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.