Azərbaycanda martın 14-ü üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin tutqun olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti, Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 3°-dək isti, gündüz 5-8° isti, dağlarda gecə 8-13° şaxta, gündüz 3-8° şaxta olacaq.
Avtomobil yollarında vəziyyət
Mart ayının 14-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Yevlax-Zaqatala, Qorağan-Qax-Zaqatala, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Yevlax-Xocalı-Laçın, Şuşa-Füzuli, Gəncə-Daşkəsən, Qazax-Uzuntala, Goranboy-Tərtər, Qaraməryəm-İsmayıllı-Şəki, Ağdam-Füzuli-Horadiz, Füzuli-Cəbrayıl-Mahmudlu, Şəmkir-Gədəbəy, Ağdam-Ağdərə, Lənkəran-Lerik, Masallı-Yardımlı, Naxçıvan-Şahbuz magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 100-500 m-dək məhdudlaşacağı, dağlıq ərazilərdə yolların buz bağlayacağı gözlənilir.