Azərbaycanda iyunun 26-sı üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
İyunun 26-da Abşeron yarımadasında mülayim xəzri küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti
İyunun 26-da mülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.
Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında iyunun 26-sı axşamdan 30-dək şimal-qərb küləyi arabir 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.
İyunun 29-dək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, 26-sı axşamdan 30-dək ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.