Hava proqnozu: İyunun 22-də hava belə olacaq

Azərbaycanda iyunun 22-si üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz saatlarından arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35°, bəzi yerlərdə 37° isti, Bakıda gecə 21-23° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 749 mm civə sütunundan 746 mm civə sütununa enəcək. Nisbi rütubət 40-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 8-13° isti, gündüz 18-23° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyunun 22-si günün ikinci yarısından 23-ü axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü və şimal küləyinin güclənməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

İyunun 22-də şimal-qərb küləyi gündüz saatlarından arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 23-24° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq.

Xəbərdarlıq

İyunun 22-də Bakıda və Abşeron yarımadasında günün ikinci yarısından 23-ü axşamadək şimal-qərb küləyi 15-20 m/s, arabir 23-28 m/s olacaq.

İyunun 22-də gündüz şimal və qərb rayonlarından başlayaraq 24-ü gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.