Hava proqnozu: İyulun 15-də hava belə olacaq

Azərbaycanda iyulun 15-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Gün ərzində arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 23-27° isti, gündüz 32-37° isti, Bakıda gecə 25-27° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında yağmursuz hava keçəcək. Lakin gecə və səhər Böyük Qafqaz zonasının şərq rayonlarında qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 10-15° isti, gündüz 26-31° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

İyulun 15-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti

İyulun 15-də şimal küləyinin arabir güclənməsi ilə əlaqədar əhalinin ehtiyatlı olması tövsiyə olunur. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Xəbərdarlıq

Azərbaycanın bəzi rayonlarında iyul ayının ikinci ongünlüyünün sonunadək isti hava şəraitinin davam edəcəyi, havanın maksimal temperaturunun 37-40°, bəzi yerlərdə 42-43°, dağlarda 30-33°-dək yüksələcəyi gözlənilir. Qərb küləyi arabir 15-18 m/s, 14-ü axşamdan 16-sı səhərədək və 17-si axşamdan 20-dək ayrı-ayrı yerlərdə arabir 20-25 m/s olacaq.