Hava proqnozu: Fevralın 21-də hava belə olacaq

Azərbaycanda fevralın 21-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, çiskin olacaq. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 9-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırılır. Lakin axşam bəzi dağlıq ərazilərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Fevralın 21-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Avtomobil yollarında vəziyyət

Fevral ayının 21-də gecə və səhər saatlarında ölkə ərazisindəki avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsi 200-700 m-dək məhdudlaşacaq. Həmin avtomobil yollarının siyahısını təqdim edirik:

Bakı-Quba, Quba-Qusar, Quba-Xaçmaz, Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Şəki-Qax-Zaqatala, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Xaldan-Mingəçevir, Bərdə-İstisu, Gəncə-Daşkəsən, Yevlax-Xocalı-Laçın, Ağdam-Füzuli-Horadiz, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Hacıqabul-Şirvan, Şirvan-Noxudlu-Salyan, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Ucar-Zərdab-Ağcabədi, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yolları.

Küləkli hava şəraiti haqqında xəbərdarlıq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq da edib. Belə ki, Bakıda və Abşeron yarımadasında fevralın 21-i gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir. Azərbaycanın rayonlarında fevralın 21-i gündüzdən 22-si səhərədək qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.