Azərbaycanda aprelin 6-sı üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 8-10° isti, gündüz 16-18° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacaq.
Avtomobil yollarında vəziyyət
Aprelin 6-da gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Quba-Xaçmaz, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.
Hava şəraitinin dəyişəcəyi haqqında xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında Aprelin 6-sı axşamdan 7-si səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, 7-də arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında Aprelin 6-sı axşam, 7-də ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Aprelin 5-i günün ikinci yarısından 7-si gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
Tibbi-meteoroloji proqnoz
Aprelin 6-da gündüz Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü əlverişli olsa da, axşamdan 07-si gündüzədək atmosfer təzyiqinin xeyli dəyişməsi fonunda xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.