Hava proqnozu: Aprelin 30-da hava belə olacaq

Azərbaycanda aprelin 30-u üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 18-22° isti olacaq. Bakıda gecə 14-16° isti, gündüz 20-22° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Aprelin 30-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

Avtomobil yollarında vəziyyət

Aprelin 30-da gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Giləzi-Xızı, Quba-Xaçmaz, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Şirvan-Noxudlu-Salyan, Salyan-Neftçala, Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Qubadlı-Xanlıq, Gəncə-Kəlbəcər-Laçın, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində zəif duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.