Azərbaycanda aprelin 27-si üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-15° isti, gündüz 20-24° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 25-30° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprelin 27-də Abşeron yarımadasında sabit hava şəraiti və komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Avtomobil yollarında vəziyyət
Aprelin 27-də səhər və axşam saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Ağsu-Kürdəmir-Bəhramtəpə, Bəhramtəpə-Biləsuvar, Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı gözlənilir.