Azərbaycanda aprelin 25-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti,gündüz 17-22° isti, Bakıda gecə 11-13° isti, gündüz 19-21° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti olacaq.
Avtomobil yollarında vəziyyət
Aprelin 25-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Ələt-Qazax, Quba-Qusar, Ağsu-Kürdəmir-Bəhramtəpə, Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Aprelin 25-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.