Azərbaycanda aprelin 21-i üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-18° isti olacaq. Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 17-22° isti, dağlarda gecə 1-6° isti, gündüz 6-11° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprelin 20-də atmosfer təzyiqinin təzadlı dəyişməsi fonunda, mülayim gilavar küləyinin 20-si axşamdan 21-i gündüzədək güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Avtomobil yollarında vəziyyət
Aprel ayının 21-də gecə və səhər saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Qusar, Quba-Xaçmaz, Ağsu-Kürdəmir-Bəhramtəpə, Yevlax-Zaqatala, Şəmkir-Gədəbəy, Gəncə-Daşkəsən, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Masallı-Yardımlı, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı gözlənilir.