Azərbaycanda aprelin 13-ü üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-15° isti, Bakıda gecə 10-12° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 752 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclü olacaq.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprel ayının 13-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü fonunda gilavar küləyinin güclü xəzri küləyi ilə əvəz olunacağı və axşamadək davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Avtomobil yollarında vəziyyət
Aprelin 13-də səhər və axşam saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Qusar, Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Bərdə-İstisu, Şirvan-Noxudlu-Salyan, Hacıqabul-Şirvan, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Ağsu-Kürdəmir-Bəhramtəpə, Lənkəran-Lerik, Masallı-Yardımlı magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 200-800 m-dək məhdudlaşacağı gözlənilir.