Azərbaycanda aprelin 12-si üçün hava proqnozu açıqlanıb. Miraj.az xəbər verir ki, sabah müşahidə olunacaq hava şəraiti barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-11° isti, gündüz 15-20° isti, Bakıda gecə 9-11° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 748 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağıntılı olacağı gözlənilir. Dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Aprelin 12-13-də Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü fonunda gilavar küləyinin 12-si axşamdan güclü xəzri küləyi ilə əvəz olunacağı və 13-ü axşamadək davam edəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.
Avtomobil yollarında vəziyyət
Aprelin 12-də səhər və axşam saatlarında Bakı-Şamaxı-Yevlax, Bakı-Quba, Bakı-Ələt-Qazax, Quba-Qusar, Quba-Xaçmaz, Gəncə-Daşkəsən, Şəmkir-Gədəbəy, Göyçay-Ucar, Bərdə-İstisu, Şirvan-Noxudlu-Salyan, Hacıqabul-Şirvan, Həkəri-Zəngilan, Qubadlı-Xanlıq, Xankəndi-Xocavənd, Şuşa-Füzuli, Gəncə-Kəlbəcər-Laçın, Ağsu-Kürdəmir-Bəhramtəpə, Füzuli-Cəbrayıl-Mahmudlu, Bəhramtəpə-Biləsuvar, Lənkəran-Lerik, Masallı-Yardımlı, Naxçıvan-Şahbuz magistral avtomobil yollarının bəzi hissələrində duman ilə əlaqədar olaraq görünüş məsafəsinin 50-500 m-dək məhdudlaşacağı gözlənilir.
Xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında aprelin 12-si axşamdan 13-ü axşamadək şimal-qərb küləyinin 15-20 m/s, 13-ü gecə və səhər yarımadanın bəzi yerlərində arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında aprelin 12-si səhərdən 14-dək (əsasən şimal və qərb rayonlarında) yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyi arabir 20-25 m/s, 12-də ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcək.
Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.