Françesko Totti və İlari Blazi də ayrılıq qərarı aldı

İtaliya milli komandasının və “Roma” klubunun əfsanəvi futbolçusu Françesko Totti həyat yoldaşı İlari Blazidən ayrılıb. Miraj.az xəbər verir ki, bu barədə aktrisa və teleaparıcı İlari Blazi yerli mətbuata açıqlamasında məlumat verib.

“İyirmi illik birliyin və üç gözəl uşağın ardından, Francesko ilə evliliyim bitdi. Ayrılma səbəbimiz şəxsi məsələ olaraq qalacaq və məndən başqa bir açıqlama olmayacaq. Hər kəsi spekulyasiyalardan qaçmağa və ilk növbədə ailəmin şəxsi həyatına hörmət etməyə dəvət edirəm”.

Məlumatı Totti də təsdiqləyib: “Evliliyimdəki problemi aradan qaldırmağa çalışdım. Amma bu gün anlayıram ki, ayrılıq seçimi ağrılı olsa da, qaçılmazdır”.

Xatırladaq ki, Françesko Totti və İlari Blazi 2005-ci ildə, tanışlıqlarından 3 il sonra ailə həyatı qurmuşdular. Onların bu evlilikdən Kristian adlı bir oğul, Şanel və İzabel adlı qızları var.

Totti karyerası ərzində yalnız yetirməsi olduğu “Roma”nın uğurları üçün çalışıb. Hazırda 45 yaşlı olan veteran futbolçu vaxtilə “canavarlar”ın heyətində 786 matça çıxıb, 307 qola imza atıb. O, İtaliya millisində də 58 oyuna çıxıb, 9 qol vurub.

Xatırladaq ki, bir müddət öncə “Barselona”nın müdafiəçisi Jerar Pike də müğənni həyat yoldaşı Şakiradan ayrılmaqla dünya mətbuatının gündəmini ələ keçirmişdi.