2023-cü ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsi Ukraynada keçirilməyəcək. Miraj.az xəbər verir ki, bu barədə müsabiqənin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.
Qurumun rəsmi saytındakı bəyanatda bunlar qeyd olunub: “EBU təşkilatçıların Ukraynanın yarışa ev sahibliyi etməkdən imtina etmək qərarı ilə bağlı ictimaiyyətin məyusluğunu tam başa düşür. Ukraynanın buna etiraz etməsini də anlayışla qarşılayırıq”.
Xatırladaq ki, iyunun 17-də Avropa Yayım Birliyi 2023-cü ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin qalib ölkədə keçirilməsinin mümkünsüzlüyü ilə bağlı rəsmi açıqlama yaymışdı. Həmçinin yarışmanın gələn il Böyük Britaniyada keçirilməsi ilə bağlı danışıqlara start veriləcəyi vurğulamışdı. Ukrayna isə bu qərara etiraz etmişdi.
Bu il İtaliyanın Turin şəhərində təşkil olunan sonuncu yarışmanın qalibi Ukrayna olub. Sözügedən ölkə 631 səslə birinci olub. Ukraynanı “Kaluş” qrupu “Stefania” mahnısı ilə təmsil edib. Azərbaycan isə bu yarışmada Nadir Rüstəmli təmsil edirdi. O, “Fade to black” mahnısı ilə 106 xal toplayaraq 16-cı sırada qərarlaşıb.