“Eurovision” mahnı müsabiqəsinin rəsmi saytı yarımfinallar və final üzrə səsvermələrin nəticələrini açıqlayıb.
Miraj.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nadir Rüstəmlinin iştirak etdiyi ikinci yarımfinalda aşağıdakı ölkələrin peşəkar münsif heyəti səs verib:
- İspaniya – 12 xal;
- Almaniya – 10 xal;
- Serbiya – 8 xal;
- Böyük Britaniya – 8 xal;
- Finlandiya – 7 xal;
- Kipr – 6 xal;
- Estoniya – 6 xal;
- İsveç – 5 xal;
- Çernoqoriya – 5 xal;
- Malta – 4 xal;
- Çexiya – 4 xal;
- Gürcüstan – 4 xal;
- San-Marino – 4 xal;
- Avstraliya – 3 xal;
- Polşa – 3 xal;
- Rumıniya – 3 xal;
- Belçika – 3 xal;
- Şimali Makedoniya – 1 xal.
Mayın 14-də baş tutan finalda Nadir Rüstəmliyə bu ölkələrin peşəkar münsif heyəti səs verib:
- İspaniya – 12 xal;
- Serbiya – 12 xal;
- Yunanıstan – 12 xal;
- Kipr – 10 xal;
- San-Marino – 7 xal;
- İsveç – 7 xal;
- Böyük Britaniya – 7 xal;
- Almaniya – 6 xal;
- Ukrayna – 5 xal;
- Şimali Makedoniya – 4 xal;
- Finlandiya – 3 xal;
- Estoniya – 3 xal;
- Bolqarıstan – 3 xal;
- Albaniya – 3 xal;
- Belçika – 3 xal;
- Malta – 2 xal;
- Avstraliya – 2 xal;
- Moldova – 1 xal;
- Çernoqoriya – 1 xal.
Peşəkar münsif heyəti Nadir Rüstəmlinin çıxışını toplam olaraq 103 xalla qiymətləndirib.
Tamaşaçı səsverməsində isə təmsilçimiz 3 xal toplayıb. Nadir Rüstəmliyə yalnız Gürcüstan tamaşaçıları səs verib. Yekunda Azərbaycan 106 xalla 16-cı yerdə qərarlaşıb.
Gürcüstanla Rumıniya da Azərbaycanın aqibətini yaşayıb
Məlum olduğu kimi, Azərbaycanın verdiyi 12 xalla bağlı problem yaranıb. Eyni halla qarşılaşan digər bir ölkə isə Gürcüstan olub. Belə ki, finalda canlı bağlantı qurmağın mümkün olmadığı deyilən ölkələrin səslərini açıqlayan nümayəndə Gürcütanın 12 xalı Böyük Britaniyaya verdiyini bildirib.
Məsələ ilə bağlı Gürcüstanın İctimai Yayımçısı bəyanat yayıb:
“Gürcüstandan olan münsiflər heyəti ən yüksək xalı – 12-ni Ukraynaya verib. Bunu mahnı müsabiqəsinin təşkilatçılarına göndərilən notariat qaydada təsdiq edilmiş sənəd sübut edir. İctimai Yayım bütün şərtlərə əməl edib, rəsmi sənəd göndərib və heç bir nöqsan olmadığına dair Avropa Yayım Birliyinin razılığını alıb. Hazırda Avropa Yayım Birliyində (EBU) araşdırma aparılır. Nəticələrin yaxın zamanlada elan ediləcəyini gözləyirik”.
Həmçinin bəyanatda vurğulanıb ki, eyni halla təkcə Gürcüstan deyil, digər ölkələr də üzləşib.
Qeyd edək ki, məsələ ilə bağlı Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkəti “İTV” də bəyanat yayıb. Bildirilib ki, ölkəmizdən 12 xal Ukraynaya verilməli imiş. Lakin, yarışma təşkilatçıları final şousunun sonunda heç bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını istəyiblər. Bu istək biz tərəfdən rədd edilsə də, yarış təşkilatçıları Bakıya bağlanmayıb, adımızdan öz nəticələrini elan ediblər. Həmçinin Bakıdan səslərin canlı yayımda elan olunması üçün heç bir texniki problem olmayıb.
Rumıniya da müsabiqəyə öz etirazını bildirib. Ölkənin ictimai yayımçısı TVRin məsələ ilə bağlı yaydığı açıqlamada bildirilib ki, Rumıniya münsiflər heyəti Moldovanı təmsil edən mahnıya maksimum xal (12) verib. Lakin müsabiqə təşkilatçıları xalın Ukraynaya verildiyini açıqlayıb:
“Rumıniya yayımçısı milli münsiflər heyətinin səslərinin nəzərə alınmamasına və təşkilatçıların ölkə adından finalçılara fərqli xallar təyin etməsinə təəccüblənib. Biz tərəfdən maksimum xal Moldova təmsilçilərinə verdiyi halda, canlı yayımda Ukraynanın bu xalı aldığı səsləndirilib”.